“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan İpoteka Fondunun (AİF) uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB-” səviyyəsində təsdiqləyib. Bu barədə AİF-in saytında yerləşdirilmiş məlumatda bildirilir.
Reytinqin proqnozu “sabit”dən “müsbət”ə dəyişdirilib.
Məlumatda vurğulanır ki, bu reytinq AİF-in Azərbaycan Mərkəzi Bankı tərəfindən yüksək səviyyədə dəstəkləndiyini göstərir.
2010-cu ilin sonuna AİF-in ipoteka kreditləri üzrə portfeli 193 mln. manat, 2011-ci il iyunun sonuna isə 225,3 mln. manat təşkil edib.
Məlumatda deyilir ki, AİF 2009-cu ildən öz istiqrazlarının yerləşdirilməsinə başlayıb və 2011-ci il avqust ayının sonuna olan vəziyyətə əsasən, 177 mln. manat məbləğində vəsait cəlb edib.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildə başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 26 müvəkkil bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 35 min manatdır.