2010-cu ildə SOCAR-ın Xəzər Dəniz Neft Donanmasının (XDND) xarici şirkətlərlə müqavilələr üzrə gəlirləri 2009-cu illə müqayisədə 26,4% - 15 mln. 874,159 min manata qədər azalıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə XDND-dən məlumat verilib.
"2009-cu ildə xarici şirkətlərlə müqavilələr üzrə gəlirlər XDND-nin bütün gəlirlərinin ümumi məbləğinin 16,2%-ni təşkil edib. Sifarişlərin əsas həcmi Xəzərin Azərbaycan sektorunda fəaliyyət göstərən şirkətlərin – BP və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin payına düşüb", - deyə XDND-dən bildirilib.
2010-cu ildə XDND-yə məxsus gəmilərin 30 mln. 955,33 min manat məbləğində əsaslı təmiri həyata keçirilib. Bundan 17 mln. 653,975 min manat məbləğində təmir işləri SOCAR-ın müəssisələrində, daha 13 mln. 301,354 min manat məbləğində təmir işləri kənar təşkilatlar tərəfindən yerinə yetirilib.
XDND-nin məlumatına görə, 2011-ci il yanvarın 1-nə olan vəziyyətə görə, donanmanın balansında ümumi balans dəyəri 726,69 mln. manat və yükgötürmə qabiliyyəti 82,3 min ton olan müxtəlif təyinatlı 253 üzən vasitə olub.