Balaxanı poliqonunda bərk məişət tullantılarının çeşidlənməsi üçün məntəqənin tikintisi 2012-ci ilin II rübündə başa çatacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Təmiz şəhər” ASC-dən məlumat verilib.
“Hazırda poliqonda məişət tullantılarının çeşidlənməsi əllə həyata keçirilir. Bununla yanaşı, indi tullantıların çeşidlənməsi üçün yarımavtomat xəttin istifadəsi üçün tikinti-montaj işləri aparılır. Bu iş 2012-ci ilin ikinci rübündə başa çatacaq”, - deyə cəmiyyətin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, bu məntəqə ildə 200 min ton tullantını emal edəcək
“Bu məntəqənin istifadəyə verilməsi təkrar emal üçün istifadəsi mümkün olacaq tullantıların çeşidlənməsinə şərait yaradacaq. Bundan başqa, onun tətbiqi ucuz xammal bazarının formalaşdırılmasına, elektrik enerjisinin qənaətli istifadəsinə, həmçinin tullantıların ətraf mühitə mənfi təsirini azaltmağa imkan yaradacaq”, - deyə o qeyd edib.
Prezident İlham Əliyev 2008-ci il avqustun 6-da “Təmiz şəhər” SC-nin yaradılması haqqında sərəncam imzalayıb. Vergilər Nazirliyi 2009-cu ilin martında “Təmiz şəhər” SC-ni 500 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb.