Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Dövlət Filarmoniyasında estrada orkestrinin yaradılması haqqında sərəncam verib.
Sərəncamda deyilir ki, son illər Naxçıvan MR-də mədəniyyət və incəsənət sahəsində bir sıra tədbirlər həyata keçirilib – Naxçıvan Dövlət Universitetində İncəsənət fakultəsi və Konservatoriya açılıb. MR-də 27 musiqi məktəbi, İncəsənət məktəbi, Naxçıvan Musiqi Kolleci fəaliyyət göstərir.
Sərəncama əsasən, adı çəkilən təhsil ocaqları musiqi mədəniyyətinin və incəsənətin inkişafına, bu sahədə kadr potensialının formalaşmasına müsbət təsir edib. Yeni musiqi kollektivləri, o cümlədən, Naxçıvan Dövlət Filarmoniyasının nəzdində Kamera Orkestri və Naxçıvan Dövlət Uşaq Filarmoniyası yaradılıb. Musiqi kollektivlərinin fəaliyyətini genişləndirmək üçün müvafiq şərait yaradılıb, lazım olan musiqi alərləri alınıb.
Sərəncamda MR-in Nazirlər Kabinetinə bu sənəddən irəli gələn bütün məsələləri həll etmək tapşırılıb.