SOCAR şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) London Fond Birjasında Avrobond yerləşdirməyi planlaşdırır. Bu barədə şirkətdən məlumat verilib.
“SOCAR emissiya prospekti hazırlayıb və yanvarın 27-də dünyanın aparıcı maliyyə nəşrlərində və İnternet saytlarında şirkətin Avrobond buraxmaq niyyətində olduğu barədə açıqlama verib. Avrobondlar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Listinq Orqanının (UK Listing Authority) və London Fond Birjasının (London Stock Exchange) listinqinə daxil ediləcək”, - deyə məlumatda qeyd edilir.
SOCAR-ın Avrobondlar buraxılışı şirkətin yeni maliyyə alətlərindən yararlanmaq, beynəlxalq kapital bazarından sərmayə cəlb etmək məqsədi ilə əlaqədardır.
Bu işlərin həyata keçirilməsində Birgə Baş İdarəçilər (Joint Lead Managers) qismində Citi Group Global Markets Limited, Deutsche Bank AG (London filialı) və The Royal Bank of Scotland Plc., Birgə İdarəçilər (Co-Managers) qismində Nomura International Plc. və Société Générale S.A., İnvestorların təmsilçisi (Trustee) qismində Deutsche Trustee Company Limited, Əsas Ödəniş və Köçürmə Agenti (Principal Paying and Transfer Agent) qismində isə Deutsche Bank AG (London filialı) çıxış edirlər.
Xəbər verildiyi kimi, SOCAR $500 mln. həcmində Avrobindların buraxılmasını planlaşdırır.