İqtisadi İnkişaf Nazirliyi Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qeyd edilən məsələlərin icrası üçün tədbirlər Planı hazırlayacaq. Bu barədə nazirliyinin məlumatında bildirilir.
Xəbər verildiyi kimi, yanvarın 16-da Prezident İ.Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
“İqtisadi İnkişaf Nazirliyində müşavirədə dövlət başçısının qeyd etdiyi məsələlərin icrasına həsr edilmiş kollegiyanın iclası keçirilib. İqtisadi inkişaf naziri Şahin Mustafayev kollegiyanın iclasında çıxış edərək, qeyd edib ki, Prezident İ.Əliyev müşavirədə iqtisadiyyatın müxtəlif sahələri üzrə bir sıra vacib tapşırıqlar verib. Bu məsələlərin icrası üçün nazirlik müvafiq tədbirlər Planını hazırlayacaq”, - deyə məlumatda qeyd edilir.
Bununla əlaqədar, İqtisadi İnkişaf Nazirliyinin müxtəlif strukturlarına makroiqtisadi sabitliyin saxlanılmasına yönəldilən, dövlət proqramlarının reallaşdırmasının sürətləndirilməsi, sənayeləşdirilmə siyasətinin davamı, özəl sektorun inkişafı, sahibkarlığın dövlət maliyyə dəstəyinin gücləndirilməsi, məhsul ixracının genişləndirilməsi, infrastruktur layihələrin reallaşdırılması, əhalinin kommunal xidmətlərə olan tələbatının ödənilməsi üzrə tədbirlərin keçirilməsi üzrə tapşırıqlar verilib.