Avropa İttifaqı Cənubi Qafqaz ölkələrinə transsərhəd əməkdaşlığın sadələşdirilməsi üzrə təcrübəsini təklif edir. Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia bəyan edib.
"Biz də Avropa İttifaqında mükəmməlliyə nail olmamışıq, hələ çox şeyləri həll etməliyik, ancaq biz digər regionlara kömək etməyə çalışırıq, onlarla nailiyyətlərimizlə bölüşmək istəyirik”, - deyə R.Kobia çərşənbə axşamı Azərbaycan və Gürcüstan arasında sərhəd əməkdaşlığı sahəsində “Cənubi Qafqazda Vahid sərhəd idarəetmə sistemlərinə dəstək” layihəsi çərçivəsində keçirilən 16-cı seminarda çıxışında bildirib.
“Bu layihənin müsbət cəhəti ondan ibarətdir ki, o regionda ölkələr arasında əməkdaşlığın müzakirəsinə yönəlib. Amma o həmçinin, başqa növ - dövlətlərarasıdan daha mürəkkəb olan, idarələrarası əməkdaşlığı da inkişaf etdirir”, - deyə o əlavə edib.
R.Kobia ümidvar olduğunu bildirib ki, Avropa İttifaqının maliyyələşdiridiyi bu layihə kağız üzərində qalmayacaq, regional ticarətin, turizmin və s. inkişafında müsbət nəticələrə gətirib çıxaracaq.
Diplomatın sözlərinə görə, may ayında Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi respublikaya yüz minlərlə insanı cəlb edəcək və bu mənada onların səfəri ilə bağlı prosedur məsələlərin sadələşdirilməsi barədə düşünmək yaxşı olardı.