Bakı şəhəri Yasamal Rayon Məhkəməsi iki xarici vətəndaşa qarşı xuliqanlıq hərəkətləri etmiş 4 nəfərə hökm oxuyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məhkəmədən məlumat verilib.
Məhkəmə təqsirləndirilən şəxslərdən birini 4 il, qalan üç nəfəri 2 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə təqsirləndirilən şəxsləri Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə (bir qrup şəxs tərəfindən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) əsasən müqəssir bilib.
Cinayət işinin materiallarına əsasən, Azərbaycan vətəndaşları Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynov 2011-ci il iyunun 16-na keçən gecə ABŞ və Böyük Britaniya vətəndaşları Amanda Erikson və Seliya Deyvisə hücum edərək onları döyüblər. A.Erikson jurnalist fəaliyyəti ilə məşğuldur, S.Deyvis isə Azərbaycanın hüquq-müdafiə təşkilatları ilə əməkdaşlıq edir.