İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2012-ci ildə Bakıda fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsi üzrə ilk tədbir təşkil edib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Çərşənbə axşamı SKMF Qaradağ rayonunun Ələt qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.
“Bakı qəsəbələrində fəaliyyət göstərən 21 sahibkara 4,1 mln. manat güzəştli kredit verilib. Bu kreditlər əsasən ət emalı müəssisəsinin, müasir quşçuluq təsərrüfatının və çörək istehsalı müəssisəsinin yaradılmasına yönəldiləcək. Bu layihələrin reallaşması hesabına 130-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 38 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2011-ci ildə fond 138 mln. manat güzəştli kredit verib. 2012-ci ildə fond sahibkarlara 200 mln. manat kredit verilməsini planlaşdırır.