Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti sahibkarlar tərəfindən vergidən yayınma faktları aşkar edib. Bu barədə nazirliyin məlumatında bildirilir.
Departament aşkarlayıb ki, “Taleh Təmir Tikinti”(Bakıda qeydiyyata alınıb) MMC-nin direktoru İlham Kazımov mühasibat sənədlərində gəlir və xərclərin saxtalaşdırılması yolu ilə 616 min 95,26 manat məbləğində əlavə dəyər vergisini dövlət büdcəsindən gizlədib. İstintaq zamanı İ.Kazımovun təqsiri sübut edilib və bunun əsasında Baş Prokurorluq 2012-ci il yanvarın 11-də ittiham aktını məhkəməyə göndərib.
Departamentin apardığı digər araşdırma çərçivəsində müəyyən olunub ki, sahibkar Ramin İsmayılov vergi bəyannamələrini təhrif etməklə 23 min 27,97 manat məbləğində vergi gizlədib. Bundan başqa, R. İsmayılov “Modern-M”, “Classkom-SN” və “Realiti-Az” şirkətləri vasitəsi ilə vergi bəyannamələrini təhrif edərək dövlət büdcəsinə ümumi məbləği 318 min 180,72 manat olan vergini ödəməkdən yayınıb. Bu qanun pozuntularında sahibkarların təqsiri sübut edilib və materiallar Baş Prokurorluğa göndərilib.
Bununla yanaşı, departamentin əməkdaşları müəyyən ediblər ki, “Mars-2” MMC və “Amin Ekspress Servis" MMC-nin direktoru Mərdixan Novruzov vergi bəyannamələrinin saxtalaşdırılması yolu ilə dövlət büdcəsindən 69 min 63,91 manat məbləğində vergi gizlədib. Bu cinayətlərlə bağlı materiallar da Baş Prokurorluğa göndərilib.
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2000-ci il mayın 29-da yaradılıb. Departament fəaliyyətə 2000-ci il avqustun 30-da başlayıb.