Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarında rabitə sistemində NGN (Next Generation Networking) texnologiyasının quraşdırılmasına başlanılıb.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
“Yeni sistem üçün avadanlıq artıq Naxçıvana çatdırılıb. Hazırda montaj-tənzimləmə işləri aparılır. İşlərin başa çatdırılması və yeni sistemin istifadəyə verilməsi cari ilin birinci rübündə planlaşdırılır”, - deyə agentliyin nazirlikdəki müsahibi qeyd edib. Onun sözlərinə görə, Şərur və Sədərək ərazisində hazırda mövcud olan ATS-lər NGN texnologiyası əsasında bütövlükdə stansiyalarla əvəz ediləcək. Bu texnologiyanın tətbiqindən sonra ADSL İnternet portalın istənilən sayda artımı mümkün olacaq. “Bu rayonlardakı abonentlərin daha keyfiyyətli və təhlükəsiz rabitə, genişzolaqlı İnternet ilə təmin etməyə şərait yaradacaq. Yeni sistemin üstünlüklərindən biri idarəetmə sisteminin alternativliyinin yaradılmasıdır”, - deyə o bildirib.
Nazirliyin nümayəndəsi vurğulayıb ki, yeni nəsil telekommunikasiya sistemi regionlarda istifadəçilər üçün video-telefon, İP-TV, 21 növ texniki rabitə xidmətlərindən istifadə şəraiti yaradır. “Muxtar Respublikada NGN texnologiyasının tətbiqinə 2010-cu ilin may ayından etibarən başlanılıb. Naxçıvan şəhəri və yaxınlıqdakı Babək qəsəbəsi və Nehrəm kəndinin rabitə sistemində bu texnologiyadan istifadə edilir”, - deyə agentliyin müsahibi əlavə edib.