Azərbaycan parlamenti Ermənistandan deportasiya edilən azərbaycanlıların hüquqlarını tanıya bilər. Bu barədə Yeni Azərbaycan hakim partiyasının icraçı katibi Əli Əhmədov bəyan edib.
“Azərbaycan parlamenti Ermənistandan deportasiya edilən azərbaycanlılar üzrə müvafiq qərar qəbul etməli və onu beynəlxalq təşkilatların müzakirəsinə yönəltməlidir”, - deyə Ə.Əhmədov çərşənbə günü Azərbaycan parlamentində keçirilən plenar iclas zamanı bildirib.
Parlament üzvü qeyd edib ki, bu il azərbaycanlıların Ermənistandan kütləvi şəkildə deportasiyasının 65-ci ili tamam olur, “bunun ardınca ötən əsrin sonunda azərbaycanlılar Ermənistandan tamamilə qovulub”. “Sovet İttifaqında bir neçə xalq deportasiyaya məruz qalıb, lakin bir müddət keçəndən sonra onların hamısına bəraət qazandırılıb, hüquqları bərpa edilib və yurd-yuvalarına qayıdıblar. Və yalnız Stalin rejiminin qurbanı kimi deportasiya edilən xalqlardan olan azərbaycanlıların indiyə qədər hüquqları bərpa edilməyib, onlar yurd-yuvalarına qayıtmayıblar və bununla bağlı kompensasiya verilməyib”, - deyə o vurğulayıb.
Ə.Əhmədovun sözlərinə görə, azərbaycanlıların Ermənistan ərazisindən qovulmalarının yeganə səbəbi Moskvanın Ermənistan SSR-nin demoqrafik vəziyyətini dəyişmək cəhdi olub. “Sovet rəhbərliyi Ermənistan SSR-nin Azərbaycan əhalisini əhəmiyyətli dərəcədə azaltmağı bacarıb, bu isə 20-ci əsrin sonunda Ermənistandan azərbaycanlıların tamamilə deportasiya edilməsinə əsas verib. Buna son qoymağın zamanı gəlib və deportasiya edilən azərbaycanlıların hüquqlarını bərpa etmək lazımdır, necə ki sovet məkanında deportasiya edilən digər xalqlar hüquqlarında bərpa ediliblər”, - deyə Ə.Əhmədov bildirib.
Hakim partiyanın icraçı katibi qeyd edib ki, Ermənistandan deportasiya edilən azərbaycanlıların hüquqlarının tanınması məqsədi ilə bu istiqamətdə müəyyən iş həyata keçirmək lazımdır.