Fevralın 1-də “Gatar Airways” aviaşirkəti Doha-Bakı-Tiflis aviareysi açıb.
Çərşənbə günü Bakıda bu aviareysin açılışına həsr edilən mərasim keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
“Gatar Airways” üçün Doha-Bakı-Tiflis marşrutu ilə Avropa ölkələrinə aviaşirkətin 29-cu reysidir.
Aviareysin açılış mərasimində “Gatar Airways” şirkətinin icraçı direktoru Əkbər əl-Bəkr iştirak edib.
“Azərbaycan bizim üçün cəlbedicidir. Buna görə, yaxın 6-8 ay ərzində biz birbaşa Bakı-Doha aviareysi açmağı planlaşdırırıq”, - deyə o jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Doha-Bakı-Tiflis reysi sayca aviaşirkət üçün 111-cidir. “Yaxın dörd il ərzində aviaşirkət uçuşlarını 170 istiqamətə qədər artıracaq”, - deyə o əlavə edib.
Doha-Bakı-Tiflis marşrutu ilə uçuşlar hər gün “Airbus A320” təyyarəsi ilə yerinə yetiriləcək.
2012-ci ildə aviaşirkət “Gatar Airways” daha 7 yeni istiqamətlərdə: Kiqali (Ruanda), Zaqreb (Xorvatiya), Pert (Avstraliya), Mombasa (Keniya), Zənzibar (Tanzaniya), Helsinki (Finlandiya) və Qasım (Səudiyyə Ərəbistanı) uçuşlar həyata keçirməyi planlaşdırır.