İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar sahibkar Eldar Allahverdiyevə 2,7 min manat maliyyə sanksiyası tətbiq edib. Bu barədə nazirliyin məlumatında deyilir.
Dövlət Xidməti həmin sahibkar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb.
“E.Allahverdiyevə məxsus mağazada aparılan yoxlama zamanı pirat audiovizual məhsullarının satıldığı müəyyən olunub. "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə həmin sahibkara 2,7 min manat maliyyə sanksiyası tətbiq edilib”, - deyə məlumatda bildirilir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan Prezidenti tərəfindən 26 dekabr 2009-cu ildə təsdiq edilib.