Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri RF Tatarıstan Respublikasının İT-parkının fəaliyyəti ilə tanış olublar. Bu barədə Rabitə Nazirliyinin saytında yerləşdirilmiş məlumatda bildirilir.
Tatarıstana səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Biznes-inkubatorada olub, burada onlara İT- Parkın təqdimatı keçirilib. Nümayəndə heyəti həmçinin, Biznes- inkubator çərçivəsində bir sıra layihələrlə tanış olub.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları Data-mərkəzə baxış keçirib, “QLONAS+112” xəsarət alanların xilas edilməsinin koordinasiya sistemi və universal elektron kartla tanış olublar. Azərbaycan nümayəndə heyəti üçün Tatarıstan Respublikasının “Elektron səhiyyə” və “Elektron Hökumət” layihələrinin təqdimatı keçirilib.
Bundan başqa, azərbaycanlı mütəxəssislər İT-parkın prezidenti Dinar Nasırov, Biznes-inkubatorun və Data-mərkəzin rəhbərləri Vasil Zakiyev və İskəndər Dinislamovla işgüzar görüşlər keçiriblər. Görüşlərdə İT-parkın yaradılması və inkişafı, Biznes-inkubatorun iş prinsipləri və Data-mərkəzin texniki aspektləri ilə bağlı məsələlər müzakirə edilib.
D.Nasırov xüsusi qeyd edib ki, Biznes-inkubatorda fəaliyyət göstərən “start-up” şirkətlərin biznesdə uğurlu başlanğıc üçün maliyyə dəstəyinə ehtiyacı var. İT-parkda bu kimi dəstək investisiya və vençur fondlarının verdiyi qrantlar hesabına təmin edilir. Onun sözlərinə görə, innovativ layihələrin sürətli inkişafı üçün vəsaitlərin ayrılması zəruridir və dövlət ilk növbədə, qrantlar ayıra bilən maliyyə institutlarının yaradılması üçün addımlar atmalıdır.