Azərbaycan rəhbərliyi Fransa parlamentinin qəbul etdiyi “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması barədə qanuna etiraz əlaməti olaraq ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə görüşlərdən imtina edə bilərdi. Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə belə hesab edir.
“Hazırda biz Fransanı Minsk qrupu tərkibindən çıxara bilmərik, ATƏT bunu istəməyəcək. Ancaq Türkiyə ilə bağlı bu cür rəzil hərəkət etdiyi üçün, qeyri-müəyyən müddətə birinci şəxslər səviyyəsində nümayəndəsinin qəbul edilməsinə rədd cavabı ilə Fransanı cəzalandıra bilərdik”, - deyə politoloq “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
V.Quluzade bildirib ki, hələ onun 1990-cı illərin ortasında Dövlət müşaviri olduğu dövrdə Azərbaycanın o zamankı Prezidenti Heydər Əliyev Fransanın ATƏT-in Minsk qrupunun həmsədri təyinatına qarşı çıxış edib. “Parisə rəsmi səfəri zamanı Heydər Əliyev birbaşa Jak Şıraka bildirib ki, Fransaya həmsədr səlahiyyətlərinin verilməsinə qarşıdır, çünki güclü erməni lobbisi fəaliyyət göstərdiyi bir ölkə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında obyektiv vasitəçi ola bilməz. O zaman güzəştli variant təklif edilib - ABŞ-ı ATƏT-in Minsk qrupunun üçüncü həmsədri etmək (Rusiya və Fransa ilə yanaşı – İF-Az). Biz bu təkliflə razılaşdıq”, - deyə keçmiş dövlət müşaviri bildirib.
“Əgər ABŞ həmsədrlər tərkibinə daxil edilməsəydi, biz Fransanı qəbul etməzdik. Biz Minsk qrupunun işini pozardıq”, - deyə V.Quluzade əlavə edib.