Serbiya və Makedoniya arasında “11-ci Dəhliz” magistralının Liq və Prelina avtomobil yolu hissəsinin ikintisində baş podratçı Azərbaycanın “AzVirt” şirkəti olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, fevralın 2-də Bakıda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Serbiyanın xarici işlər naziri Vuk Yeremiç saziş imzalayıblar. Sazişə əsasən, Azərbaycan Serbiyaya avtomobil yolunun qeyd olunan hissəsinin tikintisi üçün 300 mln. avro həcmində kredit ayıracaq.
“300 mln. avro məbləğində kredit dövlət zəmanəti ilə, 3 ili güzəştli olmaqla, 15 il müddətinə, illik 4% dərəcəsi ilə veriləcək. İşlərin baş podratçısı Azərbaycanın “AzVirt” şirkəti olacaq”, - deyə İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi bildirib.
Daha əvvəl Serbiyanın Bakıdakı səfirliyinin məlumatına istinadən xəbər verilib ki, ən əlverişli şərtlər Azərbaycan tərəfindən irəli sürülüb. Avtomobil yolu hazır olandan sonra Prelinadan Liqə yarım saatdan da az vaxtda çatmaq olacaq. Layihə həmçinin, 60 körpünün, 5 tunelin tikintisini və Serbiyanın infrastruktruna əhəmiyyətli investisiya qoyuluşunu nəzərdə tutur.
Bundan başqa, V.Yeremiç Bakıya səfəri çərçivəsində ASK, sənaye, əczaçılıq sahələrində qarşılıqlı maraq doğuran bir sıra digər vacib layihələri müzakirə edib.
“AzVirt” şirkəti 1995-ci ildə yaradılıb. Şirkət Bakıda avtomobil yollarının tikintisi sahəsində iri layihələrin həyata keçirilməsində, Qəbələ, Lənkəran, Zaqatala aeroportlarının, magistral avtomobil yollarının tikintisində, Bakı aeroportunda yenidənqurma işlərində iştirak edib.