“Norm Azerbaijan” MMC Bakının Qaradağ rayonunda inşa ediləcək “Qızıldaş Sement””zavodu üçün sel axınlarından mühafizə sistemlərinin tikintisi üzrə podratçı seçir. Bu barədə şirkətin məlumatında bildirilir.
Seçimdə iştirak etmək istəyən şirkətlər fevralın 8-nə qədər iştirak haqqında ərizə və son beş il ərzində fəaliyyətləri ilə bağlı maliyyə hesabatı təqdim etməlidirlər.
Xəbər verildiyi kimi, “Norm Azerbaijan” MMC 2006-cı il mayın 4-də sement zavodunun tikilməsi məqsədi ilə yaradılıb. Zavod Bakının Qaradağ rayonunda Sənqəçal neft terminalından üç kilometr məsafədə tikiləcək. Zavodun tikintisinə qoyulan investisiyanın həcmi, vergilər də daxil olmaqla $400 mln. təşkil edəcək. Bilavasitə zavodun tikintisinə investisiya qoyuluşları $350 mln. həcmində olacaq. Zavod ildə 2 mln. ton sement istehsalı üçün nəzərdə tutulur.
Zavod Çinin “China Triumph International Engineering Co LTD (CTIEC)” şirkəti tərəfindən inşa edilir. Zavod 2013-cü ilin sonunda istismara veriləcək. Zavod üçün avadanlıqlar Almaniyadan və digər Avropa ölkələrindən alınacaq. Zavodda 400, xammal karxanalarında isə 100-150 nəfər çalışacaq. Bu, Qafqazda sement istehsalı üzrə ən böyük müəssisə olacaq.
Zavodun tikintisi üzrə məsləhətçi Yaponiyanın “Mitsubishi Corporation” şirkətidir.