Azərbaycanda və paytaxt Bakıda yolların buz bağlaması yol nəqliyyat hadisələrinin sayını artırıb.Təkcə ötən gün ərzində paytaxtın yollarında altı yol nəqliyyat hadisəsi baş verib. Nəticədə, iki nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Ölumlə nəticələnən hər iki hadisə avtomovillərin piyadaları vurmaları ilə əlaqədardır. Qeydə alınan yol nəqliyyat hadisələrində daha beş nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Hava şəraitinin tədricən yaxşılaşmasına baxmayaraq, Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək son dərəcə ehtiyatlı olmağa çağırıb.
Bununla yanaşı, Bakıda gün ərzində növbətçi təcili yardım stansiyalarına havanın kəskin pisləşməsi ilə əlaqədar 1239 çağırış daxil olub. 204 nəfər, o cümlədən 3 don vurmuş şəxs xəstəxanaya çatdırılıb. Bundan başqa, daimi yaşayış yerinin olmadığı ehtimal edilən bir nəfərin donmuş meyidi tapılıb. Xəbər verildiyi kimi, soyuq havadan donaraq ölən daha bir nəfər barədə öncədən məlumat verilib.
Sinoptiklər fevralın 5-dən tez olmayaraq hava şəraitinin yaxşılaşacağını vəd edirlər.