Şəkidə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün daha bir yaşayış binası tikiləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosundan məlumat verilib.
Cari ildə qeyd edilən kateqoriya əhali üçün 36 mənzilli yaşayış evi tikiləcək, 4 mərtəbədən ibarət binanın layihə-smeta sənədləri artıq hazırdır, yaxın zamanda tikinti işlərinə başlanılacaq.
Bundan başqa, 2012-ci ildə yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 30 yerlik ixtisaslaşdırılmış bərpa mərkəzi və həmçinin 25 yerlik sosial sığınacağın tikintisi planlaşdırılır. Bu obyektlərin layihələndirmə işləri artıq başa çatıb.
İndiyədək Şəkidə mənzillərinin ümumi sayı 78 olan 3 bina, habelə kəndlərdə 10 nəfər Qarabağ müharibəsi və bir nəfər Çernobıl əlili üçün fərdi yaşayış evləri tikilib istifadəyə verilib.