2012-ci ilin yanvar ayında Azərbaycanda inflyasiya 2011-ci ilin dekabr ayı ilə müqayisədə 0,1% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Cari ilin yanvar ayında ərzaq mallarının qiymətləri 0,1% bahalaşıb, qeyri-ərzaq malları və xidmətlərin qiymətləri dəyişməyib.
Hesabat ayında manna yarması, qoyun əti, kolbasa məmulatları, sterilizə olunmuş üzlü süd, kərə yağı, qarğıdalı yağı, naringi, alma, armud, heyva, nar şabalıd, kələm, qoz və fındığın qiymətlərində artım müşahidə olunub.
Eyni zamanda, yanvar ayında un, qarabaşaq yarması, çörək, mal və toyuq əti, təzə balıq, yumurta, günəbaxan və zeytun yağları, limon, banan, portağal, göyərti, çuğundur, kök, sarımsaq, soğan və kartofun qiymətlərində azalma qeydə alınıb.
2011-ci ildə orta illik inflyasiya 7,9% təşkil edib.
Azərbaycan hökuməti 2012-ci ildə orta illik inflyasiyanı 6% səviyyəsinədək proqnozlaşdırır.