Azərbaycan Dövlət Miqrasiya Xidməti cari ilin yanvar ayı ərzində 1,1 mindən artıq əcnəbi və vətəndaşlığı olmayan şəxslər barədə inzibati cəza haqqında qərar qəbul edib. Bu barədə ADMX-dan “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
Cari ilin yanvarında 1122 əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində qanunsuz miqrasiya, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib. Bununla yanaşı, onlardan 261 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 696 əcnəbi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulan qaydada 48 saat ərzində ölkəni tərk etmək barədə qərar qəbul edilib. 165 əcnəbi və vətəndaşlığı olmayan şəxslər barədə ölkə hüdudlarından kənara çıxarılması barədə qərar qəbul edilib. Beləliklə, bir ay ərzində ölkədən 861 əcnəbi cıxarılıb.
Ümumilikdə, yanvar ayı ərzində ADMX–nə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4360 müraciət daxil olub