Azərbaycan Vergilər Nazirliyi fevralın 7-dən etibarən internet vasitəsilə vergilər və dövlət rüsumunun ödənişinin onlayn sistemini tətbiq edib. Bu barədə vergilər nazirinin müavini Sahib Ələkbərov çərşənbə axşamı brifinqdə bəyan edib.
“Vergilər naziri Fazil Məmmədov bü gündən etibarən Vergilər Nazirliyinin internet saytı vasitəsilə vergilər və dövlət rüsumunun bütün növlərini ödəmək mümkün olan əmr imzalayıb”, - deyə S.Ələkbərov “İnterfaks-Azərbaycan” agentliyinin sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Vergilər Nazirliyi “maksimal sayda sahibkar və vətəndaşların bu sistemdən istifadə etməsini istəyir”.
S.Ələkbərov vurğulayıb ki, Vergilər Nazirliyi yaxın gələcəkdə mobil telefonlardan istifadə vasitəsilə vergiləri və dövlət rüsumlarını ödəməyə imkan verən sistem tətbiq etməyi planlaşdırır. “Yaxın vaxtlarda biz bu sistemin tətbiqi üçün işi başa çatdıracayıq”, - deyə nazir müavini əlavə edib.
Bununla yanaşı, o qeyd edib ki, vergi idarəsi gələcəkdə göstərilən elektron xidmətlərin prosesini təkmilləşdirəcək.