Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Qaradağ rayonunda biznes strukturlarının kreditləşdirilməsi üçün prioritet sahələri müəyyən edib. Bu barədə fondun elanında deyilir.
SKMF Qaradağ rayonunda müasir tələblərə cavab verən maşınqayırma və yüngül sənaye müəssisələrinin, illik gücü 5 min ton olan ət kəsimi və emalı müəssisəsinin, kiçik və böyük həcmli istixana komplekslərinin yaradılmasını, milli, mənəvi və mədəni dəyərləri özündə əks etdirən suvenir istehsalının təşkil edilməsini məqsədəuyğun hesab edir.
“Qaradağ rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə bilərlər. Həmçinin onlar fonda müraciət edib müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəklərinə uyğun olaraq SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə elanda bildirilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 38 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2011-ci ildə fond 138 mln. manat güzəştli kredit verib. 2012-ci ildə fond sahibkarlara 200 mln. manat kredit verilməsini planlaşdırır.