Azərbaycanın əməkdar rəssamı Sakit Məmmədov Rusiyanın “Min ilin adamı” medalına layiq görülüb. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında bildirilir.
Mükafat dünya mədəniyyətinə və rəssamlığına verdiyi töhfələrə görə təqdim edilir. Medalın təqdimetmə mərasimi fevralın 9-da Moskvadakı P.Çaykovski adına konsert salonunda baş tutacaq.
Azərbaycanlı rəssamın bioqrafiyası Rusiya Federasiyası Prezident Aparatının, Federasiya Şurasının, Dövlət Dumasının, BMT-nin İnformasiya Mərkəzinin və UNESCO-nun dəstəyi ilə çıxan “Bizim minilin adamları” ensiklopediyasına daxil edilib. Ensiklopediyanın da təqdimat mərasimi eyni məkanda gerçəkləşəcək.
Zamanında “Min ilin adamı” medalına Rusiyanın baş naziri Vladimir Putin, Moskvanın və Rusiyanın mərhum patriarxı II Aleksi və bir çox tanınmış şəxsiyyətlər layiq görülüb.