SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) Geofizika və geologiya İdarəsi (GGİ) Hövsan-Zığ yataqlar blokunun “quru-dəniz” zonasında üçölçülü (3D) seysmik kəşfiyyatı başa çatdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
İşlər “Absheron Operating Company” (AOC) əməliyyat şirkətinin sifarişi ilə Rusiyanın “Integra-Geofizika” şirkəti və GGİ-nin “Kəşfiyyatgeofizika” İdarəsi tərəfindən həyata keçirilib.
“Seysmik kəşfiyyatlar Hövsan-Zığ yataqlarında və müqavilə blokuna daxil olan “quru-dəniz” zonasında aparılıb. Kəşfiyyat aparılan ərazinin ümumi sahəsi 70 kvadrat kilometr təşkil edib”, - deyə şirkətdən qeyd edilib.
Seysmik məlumatların işlənməsi və şərhinin yekunlarına görə, müqavilə sahəsinin geoloji quruluşu dəqiqləşdiriləcək, karbohidrogenlərin müxtəliflər üfüqlərə yayılma sahəsini müəyyən edilib və gələcək qazma işlərinin istiqamətləri dəqiqləşdirilib.
“Absheron Operating Company” Hövsan-Zığ yataqlar blokunun istehsalı ilə məşğul olur.
“Hövsan-Zığ” quru yataqlar blokunun işlənilməsi üzrə PSA tipli müqavilə 2006-cı il noyabrın 19-da imzalanıb. Müqavilənin iştirakçıları SOCAR (25%) və Rusiyanın Global Invest şirkətidir (75%).
“Hövsan-Zığ” yataqları Abşeron yarımadasının cənubunda yerləşir. Yatağın çıxarıla bilən qalıq ehtiyatlarının həcmi təxminən 12 mln. ton neftdir. “Zığ” yatağı 1935-ci, “Hövsan” yatağı 1948-ci ildə kəşf olunub.