Fevralın 16-17-də Dubayda Rusiyanın və MDB ölkələrinin neft-qaz şirkətlərinin rəhbərlərinin sammiti keçiriləcək. Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinə SOCAR şirkətindən məlumat verilib.
Sammit “Euro Petroleum Consultants” şirkəti tərəfindən təşkil olunub.
Sammit çərçivəsində keçirıləcək konfransda SOCAR-ın strateji inkişaf məsələləri üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov “Neft-qaz emalı, neft kimyası məhsulları istehsalı üzrə kompleksin tikintisinə dair planlar” mövzusunda təqdimatla çıxış edəcək”, - deyə şirkətdən bildirilib.
Sammit çərçivəsində həmçinin “Neft emalındakı imkanlar - səmərəni harada axtarmalı?”, “Neft emalına investisiyalar: lehinə və əleyhinə olanlar. İnkişaf perspektivləri”, ”Neft kimyası və neft emalı sənayesinin maliyyələşməsi”, “Rusuya və MDB-də səmərəli idarəetmə və layihələrin həyata keçirilməsi üçün strategiyalar” və digər mövzular müzakirə olunacaq.
Xəbər verildiyi kimi, SOCAR 2013-cü ilin əvvəllərində Bakının Qaradağ rayonu ərazisində yeni neft-qaz emalı və neft-kimya kompleksinin tikintisinə başlamağı planlaşdırır. Layihə xərcləri $13-15 mlrd. dəyərində qiymətləndirilir.
Kompleksin 2018 -2020-ci illərdə istismara verilməsi planlaşdırılır. Bununla yanaşı, birinci mərhələdə qaz emalı üzrə 10 mlrd. kubmetr gücündə kompleks təhvil veriləcək. Burada ARDNŞ-nin öz yataqlarından çıxarılan qazın, “Azəri-Çıraq-Günəşli” yataqları blokundan hasil olunan səmt qazının və zərurət yarandıqda, “Şahdəniz” yatağından SOCAR-ın payına düşən qazın emalı həyata keçiriləcək.
İkinci mərhələdə neft-kimya kompleksi, daha sonra gücü 10 mln. ton olan neft emalı zavodu istismara veriləcək. Neft emalı zavodunda A-92, A-95, A-98 markalı avtomobil benzinlərinin, reaktiv və dizel yanacağının buraxılması nəzərdə tutulur.
Layihənin reallaşdırılması üçün xarici investorların cəlb edilməsi planlaşdırılır. Layihənin xərclərini ödəmə müddəti 6-7 il təşkil edəcək.