Azərbaycan İstilik Elektrik Stansiyası (İES) 2012-ci ilin yanvarında 828 mln. kVt/s elektrik enerjisi istehsal edib ki, bu da 2011-ci ilin yanvar ayının göstəricisindən 12,8 dəfə çoxdur. Bu barədə “Azərenerji” SC-nin məlumatında deyilir.
“2012-ci il üçün təmir işlərinin qrafikinə əsasən, stansiyanın 1, 3, 7 və 8 nömrəli enerji bloklarında orta təmir, 4 nömrəli enerji blokunda isə əsaslı təmir işlərinin aparılması planlaşdırılır”, - deyə məlumatda bildirilir.
Azərbaycan İES-də hər birinin gücü 300 MVt olan 8 blok var. Azərbaycanda istehsal edilən bütün elektrik enerjisinin təxminən 45%-i stansiyanın payına düşür. Burada yanacaq kimi təbii qaz və mazutdan istifadə olunur.
2011-ci ildə Azərbaycan İES-də 6 mlrd. 289,2 mln. kVt/s elektrik enerjisi istehsal edilib ki, bu da 2010-cu ilin göstəricisindən 20,1% çoxdur.