"BP-Azerbaijan" şirkəti ("Şahdəniz" layihəsinin texniki operatoru) çərşənbə günü "Şahdəniz" yatağında qaz hasilatını bərpa edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
"Şahdəniz" yatağındakı platformadan qaz hasilatı bərpa edilib və gün ərzində hasilatın həcmi tədricən artacaq", - deyə şirkətin nümayəndəsi qeyd edib.
Xəbər verildiyi kimi, bazar ertəsi axşam “Şahdəniz” yatağındakı platformanın elektrik enerjisi ilə təchizatı sistemində planlaşdırılmış profilaktik işlərin gedişində platformanın avtomatik dayandırılması sistemi işə düşüb. Bu, platformadakı bütün proseslərin, o cümlədən dörd quyudan qaz hasilatının dayanmasına səbəb olub.
“Şahdəniz” yatağındakı platformanın fəaliyyətinin dayanması ilə əlaqədar olaraq Azərbaycan qazının Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzrum - İF) ilə Türkiyə və Gürcüstana ixracı dayanmışdı.
“BP-Azerbaijan” şirkətinin məlumatına görə, yataqdakı 4 quyudan qaz hasilatının orta sutkalıq həcmi 25 mln. kubmetr təşkil edir.
Xəbər verildiyi kimi, “Şahdəniz” yatağının işlənilməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin ilin oktyabrın 17-də Milli Məclis tərəfindən təsdiqlənib. ”Şahdəniz” layihəsinin iştirakçıları BP (operator-25,5%) Statoil (25,5%), SOCAR (10%), LUKOYL (10%), NICO (10%), Total (10%) və TPAO (9%) şirkətləridir.
“Mərhələ-1” çərçivəsində Türkiyə, Azərbaycan və Gürcüstan arasında qaz satışlarına dair sazişlər bağlanıb.
Uzunluğu 690 km olan Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri (442 km Azərbaycan ərazisində, 248 km Gürcüstan ərazisində) “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Türkiyəyə ixrac edilməsi üçün çəkilib.
2011-ci ildə Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə 4,5 mlrd. kubmetr qaz nəql edilib.