Bakıda kəskin soyuq hava və yolların buz bağlaması ilə əlaqədar 30-ya yaxın şəxs travmalarla xəstəxanaya yerləşdirilib. Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov məlumat verib.
“Ötən gün ərzində qarlı hava şəraiti ilə əlaqədar 42 nəfər yıxılaraq travma alıb, onlardan 29-u xəstəxanaya yerləşdirilib”, - deyə M.Həmidov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib. Onun sözlərinə görə, hesabat dövrü ərzində dəm qazı ilə zəhərlənmə diaqnozu ilə 17 nəfər təcili yardıma müraciət edib. Onlardan 11-i xəstəxanaya yerləşdirilib.
“Ümumilikdə, ötən sutka ərzində bizə 1,262 müraciət daxil olub, nəticədə 165 nəfər xəstəxanaya çatdırılıb”, - deyə Stansiyanın baş həkimi bildirib.
M.Həmidov bəyan edib ki, əlverişsiz hava şəraitinə baxmayaraq, mərkəzi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası paytaxt vətəndaşlarının bütün çağırışlara vaxtında cavab verir.