Vergilər Nazirliyi vergi sisteminin inkişafına yönələn əsas vəzifələri müəyyən edib. Bu barədə vergilər naziri Fazil Məmmədov cümə axşamı “Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər” forumunda çıxışı zamanı bəyan edib.
“Hesab edirik ki, vergi sistemində islahatlar elektron xidmətlərin inkişafına yönəldilməlidir, vergilərin könüllü şəkildə ödənilməsinə biznes-keçidin dəstəklənməsi üçün vergi prosedurları sadələşdirilməlidir”, - deyə F.Məmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın məqsədi – səmərəli və innovasiya yönümlü iqtisadiyyatın yaradılmasıdır. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasının hazırlanması barədə tarşırıq verib.
Bu vəzifə çərçivəsində, Azərbaycanın vergi sistemi qarşısında vacib məqsədlər durur. “Birincisi, vergi sistemi sabit və proqnozlaşdırılan olmalıdır. Vergi Məcəlləsi 11 il öncə qəbul edilib. Düşünürəm ki, vergi qanunvericiliyinə yenidən baxılmalıdır və maraqlı olan bütün strukturlarla bu məsələ artıq müzakirə edilib”, - deyə nazir qeyd edib.
“İkincisi, biz istəyirik ki, vergi sistemi maksimal dərəcədə rahat olsun. İstərdik ki, qeydiyyatdan başlayaraq vergi bəyannamələrinin təqdim edilməsinə qədər bütün səviyyələrdə sahibkarlar və vergi orqanları arasında qarşılıqlı əlaqələr İKT-nin müasir nailiyyətləri vasitəsilə həyata keçirilsin”, - deyə F.Məmmdəov vurğulayıb.
Üçüncüsü, vergi sisteminin stimullaşdırıcı rolu artırılmalıdır, deyə o davam edib. “Yaxın illər ərzində qarşımızda dövlət büdcəsinin cari gəlirlərini vergi yığımı hesabına ödənilməsi məqsədi durur. Bunun üçün dövlət büdcəsinə vergi gəlirlərini artırmaq lazımdır, ancaq vergi yükü hesabına deyil, vergi bazasının genişləndirilməsi, bizneslə daha səmərəli əməkdaşlıq hesabına. Bizim bu sahədə mühüm potensialımız var”, - deyə vergilər naziri qeyd edib.
Dördüncüsü, vergi sistemi rəqabət qabiliyyətini təmin etməlidir, deyə nazir bəyan edib. “Bunun üçün vergi ödəyiciləri ilə, biznes dairələri və vətəndaşlarla konstruktiv dialoq qurmaq lazımdır”, – deyə F.Məmmədov əlavə edib.