Vergilər Nazirliyi 2011-ci ilin iyul ayından onlayn sistemdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan 13 393 fiziki şəxsin qeydiyyatını aparıb. Bu barədə vergilər naziri Fazil Məmmədov cümə axşamı “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda forumda çıxış edərkən bəyan edib.
“2011-ci ilin iyulundan bu günə qədər 13 393 fiziki şəxs onlayn qeydiyyatdan keçib ki, bu da həmin dövr ərzində qeydiyyatdan keçənlərin ümumi sayının 34,7%-ni təşkil edir”, - deyə F.Məmmədov bildirib.
Onun sözlərinə görə, bir neçə gün əvvəl Vergilər Nazirliyi hüquqi şəxslərin – yerli kapitala malik məhdud məsuliyyətli cəmiyyətlərin onlayn qeydiyyatı prosesinə başlayıb.
F.Məmmədov vurğulayıb ki, Vergilər Nazirliyi vergi və dövlət rüsumlarının internet vasitəsi ilə ödənilməsinin tətbiq edilməsi üçün aparılan hazırlıq işlərini başa çatdırıb.
“Banklar və əlaqədar orqanlarla kollektiv müqavilələr bağlandıqdan sonra bu sistem tətbiq ediləcək. Yaxın gələcəkdə vergi və dövlət rüsumlarını mobil telefonlarla da ödəmək mümkün olacaq”, - deyə nazir əlavə edib.