SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azneft” İstehsalat Birliyi əlverişsiz hava şəraiti ilə əlaqədar enerji problemlərinin həlli üçün proqram hazırlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
“Bu qərar birliyin baş direktoru Daşqın İskəndərovun rəhbərliyi ilə havaların kəskin soyuması ilə əlaqədar İB-nin NQÇİ və İNM-lərində baş verilən problemlərlə bağlı müşavirə zamanı qəbul edilib. Bununla yanaşı, qeyd edilib ki, bu çətinliklərin əsas səbəbi energetika sahəsindəki problemlər olub”, - deyə İB-dən məlumat verilib.
Birliyin məlumatına görə, hava şəraitinin pisləşməsi ilə əlaqədər enerji verimində fasilələr yaradıb və nəticədə “Azneft” İB-nin istehsal sahələrinə enerji verilməsində fasilələr yaranıb.
“D.İskəndərov NQÇİ və İNM rəhbərlərinə bu çür halların təkrarlanmamağı üçün təcili tədbirlər görülməsi istiqamətində işlərə başlanılması üçün tapşırıqlar verib. “Azneft” İB-nin həm xarici, həm də daxili elektrik şəbəkəsinin problemlərinin həll edilməsi üçün proqram hazırlayıb və təsdiq etdirmək tapşırılıb”, - deyə “Azneft” İB-dən qeyd edilib.
Bundan başqa, D.İskəndərov gələcəkdə payız-qış mövsümünə hazırlığın hava şəraitinin gözləniləndən də kəskin keçməsini nəzərə alaraq daha da keyfiyyətli yerinə yetirilməsını tapşırıb.
Bununla yanaşı, hava şəraitinin kəskin pisləşməsi SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyətinə təsirsiz ötüşüb.
“Vaxtında görülən tədbirlər nəticəsində ölkəni neft məhsulları ilə fasiləsiz olaraq təchiz edən müəssisənin texnoloji qurğuları normal rejimdə istismar olunur”, - deyə SOCAR-ın məlumatında bildirilir.
Şirkətin məlumatına görə, vəziyyətə operativ nəzarətin gücləndirilməsi, istilik və elektriklə normal təminat, istehsalat və sexlərdə sutka ərzində növbəlilik cədvəlinin tətbiq olunması və qabaqcadan görülən digər tədbirlər nəticəsində zavodun işi adi ahənglə davam etdirilir.
Yanvarın sonundan etibarən Azərbaycanda soyuq, qar və güclü külək müşahidə edilir. Havanın temperaturu rekord həddə 11 dərəcə şaxtaya qədər aşağı düşüb.