Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2012-ci ildə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün 60,3 mln. manat vəsait ayıracaq. Bu barədə fondun məlumatında bildirilir.
Xəbər verildiyi kimi, fevralın 8-də Azərbaycan Prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin 2011-ci ildəki inflyasiya səviyyəsində indeksləşdirilməsinin aparılması haqqında sərəncam imzalayıb.
“2011-ci ildə Azərbaycanda inflyasiya (orta illik - İF) 7,9% təşkil edib. Bununla əlaqədar olaraq əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay 5 mln. manat, ümumilikdə il ərzində 60,3 mln. manat tələb olunacaq. Bu məqsədlər üçün lazım olan vəsait DSMF-nin 2012-ci il büdcəsində nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
Əvvəlki pensiya artımlarından fərqli olaraq builki artım pensiyaçıların böyük kontingentini əhatə edəcək.
“2011-ci ildə 85 manat məbləğində pensiya alan və 2011-ci il iyulun 1-nə qədər indeksləşmə ilə əhatə olunmamış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52% artıb. Bu vətəndaşların pensiyaları üzrə sığorta hissəsi yaradılıb və hazırda pensiyaçıların 92,2%-nin pensiyasının sığorta hissəsi var”, - deyə məlumatda qeyd edilir.
Məlumatda vurğulanır ki, 2011-ci il və ondan sonrakı illərin inflyasiya göstəricilərinə uyğun olaraq aparılacaq pensiyaların sığorta hissəsinin artırılması həmin pensiyaçılara şamil olunacaq.
Ümumilikdə pensiyaların sığorta hissəsinin artırılması fərqli olacaq. Pensiyanın sığorta hissəsi yüksək olan şəxslərin pensiyası daha çox artırılacaq”, - deyə məlumatda bildirilir.