Albaniyanın baş naziri Sali Berişa Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə onu öz ölkəsinə səfərə dəvət edib.
"Mən cənab Prezidenti Albaniyaya səfərə dəvət etdim. Biz münasibətlərimizdə yeni səhifələrin açılması üçün bundan sonra da daha sıx işləyəcəyik", - deyə baş nazir cümə axşamı Bakıda İ.Əliyevlə danışıqlar başa çatdıqdan sonra Albaniya İctimai Televiziyasına bildirib.
S.Berişa qeyd edib ki, onun Azərbaycana səfərinin əsas məqsədi ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsidir. "Mənim üçün, alban xalqı üçün Azərbaycan yaxın və dost ölkədir”, - deyə o vurğulayıb.
Azərbaycan Prezidenti, öz növbəsində məlumat verib ki, görüş zamanı tərəflər siyasət və iqtisadiyyat da daxil olmaqla bir çox sahələrdə münasibətlərin genişləndirilməsi perspektivlərini müzakirə edibər. “Şübhə etmirəm ki, bu səfərdən sonra (Albaniyanın baş nazirinin Bakıya səfəri – İF-Az) biz münasibətlərimizin daha sürətli inkişafının və çox yaxşı nəticələrin şahidi olacağıq”, - deyə İ.Əliyev bildirib.