Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin nümayəndələrini Qarabağ münaqişəsinin nizamlanması məsələsində ikili standartlara yol verməməyə çağırıb. Bu barədə cümə axşamı Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
E.Məmmədyarov Belçikaya işgüzar səfəri çərçivəsində "Avropa İttifaqı-Azərbaycan: əməkdaşlıq üçün yeni üfüqlər" adlı konfransda iştirak edib.
XİN başçısı çıxışında auditoriyanın diqqətini Qarabağ münaqişəsinin nizamlanması probleminə cəlb edərək Avropa Parlamentini bu məsələdə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqe tutmağa çağırıb.
Bundan başqa, E.Məmmədyarov Aİ ilə strateji əməkdaşlığın və viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqların başlanmasının əhəmiyyətini vurğulayıb.
Nazir Qarabağ münaqişəsi ilə bağlı 2010-cu ildə qəbul etdiyi qətnaməyə görə AP-yə təşəkkür edib və həmin qətnamənin bu qəbildən olan sonuncu sənəd olmayacağına ümidvar olduğunu bildirib.
Səfər çərçivəsində E.Məmmədyarov Avropa Xalq Partiyasının prezidenti V.Martens, AP-nin Xarici işlər üzrə komitəsinin sədri Elmar Brok və AP-nin vitse-prezidenti Yasek Protasyeviç ilə ikitərəfli görüşlərdə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.