Azərbaycanın BMT Təhlükəsizlik Şurasında Suriyaya qarşı qətnamənin qəbuluna səsverməsi Rusiya və Çinə qarşı səs vermək demək deyil. Milli Məclisin deputatı, professor Musa Qasımlı belə bəyan edir.
“Düşünmürəm ki, Rusiya və Çin bununla əlaqədar Azərbaycana qarşı hər hansısa bir addıma təşəbbüs edəcək”, - deyə M.Qasımlı Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü kimi nümayiş etdirdiyi mövqeyin Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcəyinin mümkünlüyünü “İnterfaks-Azərbaycan” agentliyinə şərh edərək bildirib.
“Azərbaycanın xarici siyasəti hər hansı bir ölkənin və ya ölkələr qrupu arxasıyca getmək üzərində gurulmayıb. Eyni zamanda, bu siyasət, həmçinin digər dövlətlərə qarşı yönəldilməyib. Azərbaycanın xarici siyasəti xüsusilə, ölkənin dövlət və milli maraqlarının müdafiəsi üzərində qurulub, ədalət və beynəlxalq hüquq normaları prinsiplərinə əsaslanır”, - deyə parlamentin üzvü vurğulayıb.
M.Qasımlı həmçinin qeyd edib ki, Azərbaycanın BMT TŞ-da Suriya üzrə qətnamənin qəbuluna səsverməsi həqiqət və ədalət üçün çıxış etmək deməkdir. “Həqiqət və ədalət nədir? Həqiqət ondan ibarətdir ki, Suriya hakimiyyəti öz xalqına qarşı silahdan istifadə edir, kütləvi şəkildə vətəndaşlarını məhv edir. Bu həm beynəlxalq hüquq, həm də ümumbəşər normalara ziddir. Buna görə, hesab edirəm ki, BMT Təhlükəsizlik Şurasında bu cür səsvermə Azərbaycanın xarici siyasətinin tutduğu xəttə sadiqliyini nümayiş etdirir”, - deyə M.Qasımlı bəyan edib.