Sahibkarlığa Kömək Milli Fondu (SKMF) müvəkkil kredit təşkilatları vasitəsilə 2012-ci ilin əvvəlindən sahibkarlara 30 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
2012-ci ilin əvvəlindən Fondun vəsaitləri hesabına 184 investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin kreditləşdirilməsi 850 yeni iş yerinin açılmasına imkan yaradacaq”, - deyə məlumatda Fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
Fondun rəhbəri qeyd edib ki, SKMF intensiv üzümçülük təsərrüfatlarının yaradılması ilə bağlı layihələrin maliyyələşdirilməsinə başlayıb və cari ilin əvvəlindən Fondun vəsaitləri hesabına 3 belə layihə maliyyələşdirilib.
Məlumatda bildirilir ki, SKMF cümə günü Salyan rayonunda “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Tədbirdə Salyan və ətraf rayonlarda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.
“Salyanda və ətraf rayonlarda fəaliyyət göstərən 31 sahibkar ümumi məbləği 7,3 mln. manat olan güzəştli kreditlər alıb. Bu layihələrin kreditləşdirilməsi 190-dan çox yeni iş yerinin açılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 38 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2011-ci ildə fond 138 mln. manat güzəştli kredit verib. 2012-ci ildə SKMF sahibkarlara 200 mln. manat kredit verilməsini planlaşdırır.