Azərbaycan Mərkəzi Bankı (AMB) sosial ipoteka sisteminin genişləndirilməsinə yönəldilən tədbirləri həyata keçirməyi planlaşdırır. Bu barədə AMB-nin idarə heyətinin sədri Elman Rüstəmov cümə günü jurnalistlərə bəyan edib.
“Hesab edirik ki, sosial ipoteka orta və aşağı gəlirlərli əhali üçün mümkün olmalıdır. Bununla əlaqədar, ipoteka kreditinin verilməsi şərtlərinin sadələşdirilməsi, həmçinin kredit üzrə maksimal məbləğin artırılması, kredit verilmə müddətinin uzadılması, kreditlər üzrə dərəcələrin azaldılması planlaşdırılır”, - deyə E.Rüstəmov bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank və Azərbaycan hökuməti həmçinin “ucuz ev” bazarının genişləndirilməsinə yardım etməyi planlaşdırır. “Ucuz ev bazarının inkişafı çox əhəmiyyətlidir, çünki, bizim monitorinqlərimiz göstərib ki, bu ev bazarı bahadır. Buna görə, ucuz ev bazarının inkişafı lazımdır. Bu istiqamətdə biz qonşu ölkələrin, xüsusilə Türkiyənin təcrübəsini öyrənirik”, - deyə o əlavə edib.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildə başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 27 müvəkkil bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal həcmi 35 min manat, dərəcəsi - illik 4%-dən çox deyil.
2011-ci ildə AİF vəsaitlərindən ipoteka krediti verilməsinin həcmi 95,54 mln. manat təşkil edib. Ümumilikdə, 2006-cı ildən 2011 il 31 dekabr tarixinə qədər AİF-in bank-agentləri 345,44 mln. manat məbləğində ipoteka kreditləri verib.