SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azneft” İstehsalat Birliyi “Günəşli'' yatağında yeni dərin dəniz özülünün quraşdırılmasını planlaşdırır. Bu barədə SOCAR-ın rəsmi saytı məlumat verib.
7 nömrəli özülün layihəsini “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutu həyata keçirib. Dəniz özülü 8 moduldan ibarətdir və 12 quyunun qazılmasını nəzərdə tutur.
Yeni dəniz özülünün baş podratçısı “Neftqaztikinti” Trestidir.
Modullardan altısı H.Əliyev adına BDÖZ-də, daha ikisi trestin tikinti-quraşdırma meydançasında yığılır.
SOCAR özülün tikintisinin başa çatdırılması müddətini qeyd etmir.
“Günəşli” yatağının işlənməsi 1980-ci ildən etibarən aparılır. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ni təmin edir.