May ayında Bakıda keçiriləcək 57-ci “Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycanı Səbinə Babayeva təmsil edəcək.
Azərbaycanın təmsilçisi fevralın 12-də Heydər Əliyev adına Sarayda keçirilən final seçiminin nəticələrinə görə müəyyən edilib.
Azərbaycanı təmsil etmək uğrunda milli seçim turunun beş iştirakçısı mübarizə aparıb: Səbinə Babayeva, Elton İbrahimov, Orxan Kərimli, Fəqan Səfərov və Arzu İsmaylova.
“Eurovision-2012” müsabiqəsinin yarımfinal mərhələləri mayın 22-si və 24-də Bakıda, final – mayın 26-da, tədbir “Baku Crystal Hall”-da keçiriləcək.
Ötən il may ayında Düsseldorfda keçirilən “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Azərbaycan olan Nigar Camal və Eldar Qasımov dueti olub.
Səbinə Babayeva A.Zeynallı adına Musiqi məktəbinin vokal sinfi üzrə məzunudur. 1999-cu ildə musiqi məktəblərinin tələbələri arasında keçirilən “Dalğa” şəhər müsabiqəsinin “Xarici mahnının ən yaxşı ifaçısı” nominasiyasında 1-ci mükafatın laureatı adını qazanıb. “Qızıl şlyaqer-99” beynəlxalq ifaçılar müsabiqəsinin 3-cü mükafatının laureatı, müharibənin başa çatmasının 55 illiyinə həsr edilən “Brest-2000” beynəlxalq festivalın “Patriotik mahnının ən yaxşı ifası”na görə 1-ci mükafatın laureatı, “Qızıl açar-2001” respublika müsabiqəsinin lareatıdır. “Amberstar 2009” beynəlxalq ifaçılar müsabiqəsinin “Qran-pri” mükafatının sahibidir. 2004-cü ildə “Bəyaz həyat” 10 bölümlü filmin saundtrekini ifa edib.