2011-ci ildə Azərbaycanın regionlarında dövlət büdcəsinə vergi yığımları 23,2% - 425 mln. manatadək artıb. Bu barədə Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev bildirib.
“Hesabat ilində dövlət büdcəsinə vergi yığımı üzrə plan tapşırığı 119,6% yerinə yetirilib”,- deyə A.Musayev şənbə günü rəsmi mətbuatda dərc edilmiş məqaləsində qeyd edib.
İdarə rəisi vurğulayıb ki, “Regionların sosial-iqtisadi inkişafı” Dövlət proqramlarının reallaşdırılması nəticəsində regionların inkişafında dinamik artım müşahidə olunur ki, bu da vergi daxilolmalarının artımında özünü göstərir.
A.Musayev bildirib ki, 2011-ci ilin yekunlarına əsasən, ölkənin regionları üzrə vergi gəlirlərinin payı qeyri-neft sektorundan gələn gəlirlərin ümumi həcminin 14,8 %-ni təşkil edib.
Xəbər verildiyi kimi, 2011-ci ildə vergi orqanları dövlət büdcəsinə 5 mlrd. 475,1 mln. manat məbləğində vergi və dövlət rüsumunun yığılmasını təmin ediblər.