Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq vasitəçilər hər şeydən əvvəl Azərbaycan və Ermənistan arasında müharibənin yenidən başlanmasına yol verilməməsinə yönəliblər. Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin Dünya siyasəti kafedrasının dosenti Yekaterina Volkova belə hesab edir.
"ATƏT-in Minsk qrupunun (Rusiya, ABŞ və Fransa) həmsədrlərinin fəaliyyətində prinsipial şərt gücün və güclə təhdidin tətbiq edilməməsidir”, - deyə Y.Volkova “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
“Təsadüfi deyil ki, Rusiya prezidenti ilk növbədə, iki ölkə arasında danışıqlar prosesi rejimini saxlamağa cəhd edərək daimi olaraq Azərbaycan və Ermənistan prezidentləri ilə görüşür”, - deyə ekspert əlavə edib.
Onun fikrincə, münaqişənin nizamlanmasında real həlli, sabitliyi təmin edən, bütün aparıcı dünya oyunçuları tərəfindən dəstəklənən axtarışlar lazımdır. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərin məqsədi – bilavasitə maraqlı olan tərəflərlə birgə hamı üçün münasib həll tapmaqdır”, - deyə Y.Volkova vurğulayıb.