May ayında Bakıda keçiriləcək “Eurovision – 2012” mahnı müsabiqəsi üçün akkreditasiya başlanıb. Bu barədə müsabiqənin rəsmi saytında məlumat verilir.
Nümayəndə heyətlərinin, jurnalistlərin və fan-klubların nümayəndələrinin akkreditasiyası aprelin 20-nə qədər davam edəcək. Arzu edənlər eurovision.tv saytında akkreditasiyadan keçə bilərlər.
Saytda həmçinin, fevralın 28-dən müsabiqə biletlərinin satışa çıxarılacağı barədə də məlumat yerləşdirilib.Yaxın günlərdə ölkənin otellərində nömrə sifariş etmək mümkünlüyü haqqında məlumat olacaq.
Bununla yanaşı, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Eurovision”la əlaqədar Bakıya gəlmək istəyən xarici vətəndaşlar üçün respublikada sadələşdirilmiş viza şərtləri tətbiq edilir. Vizaların verilməsi Azərbaycanın beynəlxalq aeroportlarının konsul şöbələrində həyata keçiriləcək. Müsabiqənin təşkili ilə məşğul olan mütəxəssislər aprelin 15-dən, fan-klubların nümayəndələri mayın 10-dan viza ala biləcəklər. Sadələşdirilmiş viza rejimi iyunun 1-nə qədər davam edəcək.
57-ci “Eurovision” mahnı müsabiqəsi bu il Bakıda keçiriləcək, yarımfinal mayın 22-si və 24-də, final mayın 26-da baş tutacaq.