Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Azərkosmos” ASC-nin texniki heyəti ilə görüş keçirib. Bu barədə nazirliyin məlumatında deyilir.
Görüş 25 nəfərdən ibarət mütəxəssis heyətinin yaxın günlərdə Malayziyanın paytaxtına edəcəyi səfərlə bağlı olub. Səfər çərçivəsində mütəxəssislər peykin idarə edilməsi və istismarı prosesini öyrənəcək, eləcə də “MEASAT” şirkətinin mütəxəssislərindən professional təcrübə və vərdişlərə yiyələnəcəklər.
Görüşdə nazirə ASC-də həyata keçirilən işlər və layihələr barədə məlumat verilib, texniki heyətin hazırlanması və kadr potensialının inkişafına xüsusi diqqət yetirildiyi vurğulanıb”, - deyə məlumatda bildirilir.
Ə.Abbasov “Azərkosmos” ASC-nin əməkdaşları ilə səmimi söhbət aparıb, yaxın 5 ildə ölkədə kosmik sənayenin inkişafı üzrə prioritet istiqamətlər barədə fikir bildirib.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismar işlərinin aparılması məqsədilə yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Cəmiyyətin funksiyaları peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlərin alınması üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılmasından ibarətdir.
İlk Azərbaycan peyki olan AzerSat 2012-ci ilin sonunda buraxılacaq.