2012-ci ilin yanvarında Azərbaycanda nəqliyyat vasitələrinin bütün növləri ilə yük daşınmaların həcmi 16,4 mln. ton təşkil edib, bu isə ötən ilin analoji dövrünün göstəricisindən 6,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə, Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşınmaların ümumi həcminin strukturunda 69,2% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 30,8% - dövlət sektorunun payına düşüb.
Hesabat ayı ərzində dəmir yolu ilə 2 mln. ton (tranzit yüklər daxil olmaqla) daşınıb, bu isə 2011-ci ilin yanvar ayına olan göstəricidən 17,6% çoxdur.
Cari ilin yanvarında respublikanın dəniz nəqliyyatı ilə 1,2 mln. ton müxtəlif yük (artım 12%) daşınıb.
Yanvarda avtomobil nəqliyyatı ilə yük daşımaların həcmi 7,8 mln. ton təşkil edib (artım 7,2%).
Bu dövrdə daxili neft kəmərləri vasitəsilə 4 mln. ton neft (azalma 2,5%) nəql edilib. Bununla yanaşı, 3,1 mln. ton və ya bütün nəqlin həcminin 77,1%-i Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinin payına düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvarda BTC neft kəməri vasitəsilə 318,2 min ton Türkmənistan nefti nəql edilib.
Nəql edilmənin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.