İtaliya tərəfi Azərbaycanla energetika sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə İtaliyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Marta Dassu bəyan edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib ki, Meksikada G-20 ölkələrinin xarici siyasət idarələrinin başçılarının qeyri-formal iclası çərçivəsində respublikasının XİN başçısı Elmar Məmmədyarovla keçirilən görüşdə M.Dassu energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi üçün iki dövlət arasında qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.
Azərbaycan XİN-in məlumatına görə, G-20 iclası zamanı E.Məmmedyarov həmçinin ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarla görüşərək, iki ölkə arasında siyasi, iqtisadi və energetika sahələrində hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib.
E.Məmmədyarov həmçinin İspaniyanın XİN başçısı Xose Manuel Qarsia -Marqalo ilə görüş keçirib. Bu görüşdə iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli əlaqələrin hazırkı vəziyyəti barədə fikir mübadiləsini aparıb, energetika, turizm və ticarət sahələrində əməkdaşlığın vacibliyini vurğulayıb, Azərbaycan və İspaniyanın əməkdaşlığının daha da genişləndirilməsi üçün potensialın mövcudluğu bəyan ediblər.
Azərbaycan və İspaniya XİN başçıları biznes-forumların təşkili, həmçinin iki ölkədə keçirilən turizm sərgilərində işgüzar dairələrin qarşılıqlı iştirakı barədə razılığa gəliblər.
Azərbaycan tərəfi ilk dəfə olaraq G20 ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib. Azərbaycan G20-yə dəvət edilən on ölkədən (Afrika İttifaqı, Əlcəzair, Avstriya, Kamboca, Çili, Kolumbiya, Norveç, Sinqapur, İspaniya və BƏƏ) biri olub.