Əgər İranda müharibə olarsa, Azərbaycan tərəfi bu ölkədən olan qaçqınları qəbul etmək potensialına malik deyil. Bu barədə Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bəyan edib.
“Azərbaycanın imkanları 10 - 20 min insanı qəbul etmək həddində məhdudlaşır”,- deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
“Məlum olduğu kimi, Azərbaycanda Ermənistandan və Azərbaycanın işğal edilmiş rayonlarından qovulmuş çoxlu sayda qaçqın və məcburi köçkün var. Buna görə başqa ölkələrdən qaşqınların qəbulu məsələsində Azərbaycanın imkanları çox məhduddur”,- deyə parlament komitəsinin sədri qeyd edib.
Bununla yanaşı, H.Rəcəbli hesab edir ki, İranda mümkün müharibə Azərbaycana təsir edəcək. “Məlum olduğu kimi, İran Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq edir. Bundan başqa, iki ölkə arasında qarşılıqlı dostluq əlaqələri var. Bu amilləri nəzərə alaraq demək olar ki, müharibə Azərbaycana da təsir edə bilər. Buna görə Azərbaycan İran da daxil olmaqla regionda sülh və sabitliyin mövcud olmasında maraqlıdır”,- deyə H. Rəcəbli vurğulayıb.