Azərbaycan Beynəlxalq Bankı (ABB) 2011-ci ildə öz vəsaitlərindən 7,6 mln. manat məbləğində ipoteka kreditləri verib. Bu barədə bankın məlumatında deyilir.
Məlumata görə, ötən il bank Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitlərindən 6,6 mln. manat ipoteka krediti verib.
2011-ci ildə ABB fiziki şəxslərə 381 mln. 263,8 min manat həcmində kredit verib.
Bununla yanaşı, 2011-ci ildə kiçik sahibkarlığın inkişafı üçün mikrokreditləşmənin həcmi 7 mln. manat təşkil edib.
ABB 1992-ci ildə yaradılıb və respublikanın ən iri bankıdır. Bankın kapitalında 50,2% pay dövlətə, 49,8% isə özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1,556 min fiziki şəxsdir.
ABB 2010-cu ilin yekunları üzrə “İnterfaks-İTM”in hazırladığı “İnterfaks-1000: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları arasında 30-cu, Azərbaycan bankları arasında 1-ci yeri tutub.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 26 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 35 min manat təşkil edir, dərəcə illik 4%-dən çox deyil.