“Moore Stephens” auditor şirkəti 2011-ci ilin yekunları üzrə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü çərçivəsində Azərbaycanin 15-ci hesabatının auditini keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Neft Fondundan (ARDNF - Təşəbbüsün reallaşdırılmasına texniki yardım göstərir) məlumat verilib.
Hesabatın hazırlanması 2004-cü il noyabrın 24-də EİTİ-nin reallaşdırılması üzrə hökumət komissiyası, yerli və xarici şirkətlər, Qeyri-Hökumət Təşkilatları Koalisiyası arasında imzalanmış memoranduma müvafiq olaraq həyata keçirilir.
Memoronduma əsasən, mineral ehtiyatlar hasil edən şirkətlər öz ayırmaları haqda məlumatları ildə bir dəfə hökumətə təqdim etməlidirlər. Həmçinin hökumət həmin şirkətlərdən daxilolmalar haqqında hesabatları təqdim edir. Bütün məlumatlar auditor şirkətinə təqdim olunur ki, şirkət bunun əsasında hökumətin mədən hasilatı sahəsində gəlirləri üzrə ümumi hesabat hazırlayır.
EİTİ üzrə hesabatlar ildə bir dəfə ilin yekunları üzrə hazırlanır.
Xəbər verildiyi kimi, Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə 2003-cü ildə qoşulub. 2003-cü ilin noyabrında Nazirlər Kabinetinin sərəncamı ilə EİTİ-nin reallaşdırılması üzrə xüsusi komissiya yaradılıb.